• Home
  • Blog

QƏND alarkən nələrə diqqət etməliyik?!

QƏND alarkən nələrə diqqət etməliyik?!

(istehlakçıları maarifləndirmək məqsədi ilə)

Məqalə qida təhlükəsizliyi, qida dələduzluğu, keyfiyyət və halallıq məsələləri nəzərə alınaraq hazırlanıb.

Ölkəmizdə illik olaraq adambaşına təxminən 27,3 kq şəkər istehlak edilir. Məlumat verəcəyimiz mövzu isə şəkər yox, onun xammal kimi çıxış etdiyi qənd istehsalıdır. Qənd alarkən hansı amillərə diqqət yetirməliyik? İstehlakçı olaraq istehsalçı şirkətlərdən və dövlət qurumlarından hansı məsələləri tələb etməliyik?

Baxmayaraq ki, ölkəmizdə ərzaq üçün standartlar könüllü xarakter daşıyır (yəni, istehsalçı istənilən standarta müraciət edə bilər), amma istehsal şirkətləri qənd istehsalı üçün əsasən ГОСТ 33222-2015 standartına müraciət edirlər. Bu standart məhsulların orqanoleptik və fiziki-kimyəvi xüsusiyyətlərini özündə əks etdirir. Aşağıda bu standart üzrə qısa olaraq tələb olunan xüsusiyyətləri göstərəcəm ki, məhsul alarkən əgər məhsulun üzərində bu standartlar varsa tələb olunan xüsusiyyətlər barədə məlumatlı olasınız.

ГОСТ 33222-2015 standartının tələbləri:

  • Keyfiyyət göstəricilərinə görə bəyaz şəkər 4 kateqoriyaya bölünür: ekstra, TC1, TC2, TC3.
  • İstehsal üsulundan asılı olaraq bəyaz şəkər 3 yerə bölünür: kristal, kəllə və toz şəkər.
  • Kəllə qənd ağ, təmiz və ləkəsiz olmalıdır.
  • İyi şəkərə xas, şirin, yad qoxusuz və dadsız həm quru şəkərdə, həm də onun sulu məhlulunda. Şəkər kateqoriyası olan TC3 üçün bəkməzin yüngül qoxusuna icazə verilir.
  • Saxarozanın miqdarı 99.8% olmalıdır.
  • Kükürd dioksidin miqdarı maksimum 15 mq/kq olmalıdır.
  • Kəllə qənd 400C-dən yüksək olmayan temperaturda və 75% nisbi rütubətdə 2 il saxlanıla bilər.
  • Karbohidrat miqdarı 100 q, Enerji dəyəri isə 400 kkal olmalıdır.

Market rəflərində bəzən etiketlənmə qaydalarına riayət olunmur. Əslində keyfiyyət göstəricilərinə görə ekstra olmayan qəndlər “ekstra” kimi etiketlənir. Belə hallarla qarşılaşdıqda dərhal AQTA məlumat mərkəzinə məlumat verə bilərsiz. Çünki belə hallar “Qida Təhlükəsizliyi haqqında” qanunun 17 – ci maddəsinin tələblərinin pozulmasıdır və bunun üçün də İnzibati Xətalar Məcəlləsinin 447.0.3 maddəsi ilə cərimə nəzərdə tutulur.

Halallıq, keyfiyyət və təhlükəsizlik məsələləri istifadə edilən xammallar (şəkər qamışı və ya şəkər çuğunduru) və qida əlavələri üçün vacibdir. Yəni, istifadə edilən xammallar və qida əlavələri tələblərə cavab verməlidir (pestisidlər, GMO, kimyəvi ağardıcılar və.s şərtlər).

Sağlamlığınızı qorumaq üçün bazarda tanınan və mənşəyi bilinən markalardan istifadə etmək lazımdır.

Bizim ölkədə yanlış tendensiya var. Rəflərdə olan hər hansı məhsulda problem olduqda hamımız yalnız istehsalçı şirkətləri günahlandırırıq və onlardan hesab vermələrini gözləyirik. Lakin məsələ tam olaraq belə deyil. Dünya praktikasında da marketlərdən alış edilən zaman problem varsa istehlakçı ticarət nöqtəsindən keyfiyyətə nəzarət etməsini tələb edir. Çünki bunun bir neçə səbəbləri vardır. İlk olaraq biz istehlakçı olaraq marketlərin müştərisiyik və onlar mənfəət əldə etdikləri işi keyfiyyətli təşkil etməlidilər. Hər bir ticarət nöqtəsinin keyfiyyətin təmin olunması və keyfiyyətə nəzarət şöbə və ya departamentləri var. Bəs necə olur ki, belə keyfiyyətsiz məhsullar marketlərin rəflərinə kimi gedib çıxır? Burdan belə qənaətə gəlirik ki, həmin işlər sadəcə “kağız” üzərində qurulub və real nəzarət yoxdur. Ona görə də istehlakçı olaraq marketlərdən də saxlama şəraitinə riayət etmələrini və rəflərdə yalnız keyfiyyətli məhsul sərgiləmələrini tələb etməliyik!

Diqqətli olmanız lazım olan qida əlavələri və xammallar aşağıdakılardır:

  • Xammallar GMO mənşəli olmalı deyil
  • E220 kükürd dioksid (SO2)

İstehsalçı şirkət və dövlət qurumlarının üzərinə nə qədər məsuliyyət düşürsə, biz istehlakçılar da o qədər məsuliyyət daşıyırıq. Bu məsuliyyət həm məhsul seçimində, həm də onunla rəftarda özünü göstərməlidir. Etiket məlumatlarını diqqətlə oxumalıyıq. Aşağıdakı məlumatlar etiketdə əksini tapmalıdır (“Qida Təhlükəsizliyi haqqında” qanunun 17.2.1 maddəsi):

– Məhsulun adı

– Qida və Enerji dəyəri

– Tərkibi

– Miqdarı

– Keyfiyyət göstəriciləri

– İstehsal tarixi

– Yararlılıq müddəti

– Saxlanma şəraiti

– Tərkibindəki allergenlər

– Mənşəyi

– İstehsalçının adı və ünvanı

– İstehsal üsulu

– İstifadə qaydaları

Qənd alarkən xüsusilə istehsalçıya diqqət yetirməliyik. Ümumiyyətlə isə qənddən az miqdarda istifadə edilməsinə diqqət etməliyik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) sağlam bir pəhriz üçün şəkərin ümumi enerji istehlakımızın 10%-dən azını təşkil etməli olduğunu bildirir. Hətta 5%-ə endirilməsinin əlavə sağlamlıq faydalarını qeyd edir. ÜST-nın Sağlamlıq və İnkişaf  üzrə Departamentinin direktoru doktor Françesko Branka  bildirir ki: “Sadə şəkər istehlakı ümumi kalori istehlakının 10%-dən az olduqda artıq çəki, obezite və diş çürüməsi riskinin azaltdığına dair əsaslı dəlillərimiz var. Ölkələr qeyri-infeksion xəstəliklərin yükünü azaltmaq üçün götürdükləri öhdəliklərə əməl etdikləri təqdirdə, buna dəstək olaraq siyasi dəyişikliklər etmək vacib amildir”.

Həmçinin Ümumdünya Səhiyyə  Təşkilatı (ÜST) təkidlə bildirir ki, çox miqdarda şəkər istehlak etmək müasir orta statistik insan üçün zərərlidir, amma onu rasiondan tamamilə çıxartmaq tövsiyə olunmur. Gün ərzində 25-50 qramdan və ya 12 çay qaşığından artıq istifadə etmək doğru deyil.

Özümə və sizə halal, sağlam və keyfiyyətli qida arzualyıram!

Hazırladı


Yusif Həkim

Qida mühəndisi

Kəsim, ət emalı, halal istehsal və qida təhlükəsizliyi üzrə məsləhətçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Select your currency
AZN Azerbaijani manat